GECƏGÖZLÜ
SAYTIN MENYUSU
STATİSTİKA

ONLAYNDA: 1
QONAQ: 1
iSTİFADƏÇİLƏR 0
ÇIXIŞ FORMASI
ANA SƏHFƏ » MƏQALƏLƏR » ŞERLƏR

Həyat Şəmi
 
 
Həyat Şəmi
 
Doğum günü

"Erdən açılacaq qapılarınız” –
İlahi, bu nəydi başıma gəldi?
Mən doğum günümü qeyd eləmirdim,
Bu SƏS, doğrudanmı, yaşıma gəldi.

 
Bu il saatımı qırxa qururkən,
Ömrümü sualla bir-bir yorurkən,
"Yaş üstə yaş gəlir”- deyə dururkən,
Yaşım arzuların qışına gəldi.

 
Səadət gecikdi doğum günümə,
Dəymiş ümidimin yığım gününə,
Udduğum qəhərin boğum gününə,
Gəldi səadətim, boşuna gəldi.

 
Şirin duyğularla dolu ocağım,
Əllərim duada, ibadət çağım,
Harda qaldı yaşım, durum çağırım,
Gəlsin.
... gəlişiylə xoşuma gəldi.
 
   
     MƏN, SƏN, O...

 
Hər şey mənim əlimdə,
Ürəyim,
əfv fərmanım,
imzam,
qollarım,
Açın qollarımı!
Hər şey Sənin əlində,
Sorğu-sual,
Durğu və duyğu işarələri,
Son cümlə,
nöqtən.
Ürəyimə ölümcül həmlə...
Son dəfə getmək istəyim,
üzümə bağlı qapıların dəstəyi...
Açın qapıları!
Hər şey O-nun əlində,
Qələm,
Yazı,
Olum və ölüm,
Açın gözlərinizi!
 
           ARAZIM
Tarix sinən üstə açanda oyun,
Səni mat eylədi nə qədər xain.
Arxayın olmadın, Şaha arxayın,
Xan Arazım.

Şahmatda fiqurlar taxtanın üstə,
Yadlar at oynatdı taxtının üstə,
Top səsiylə çökdü bəxtinin üstə,
Çən, Arazım.
 
Partlayıb dodağın, yaman yanmısan,
Quruyub qolların, quru canmısan?
Bütün sınaqlara mərd dayanmısan,
Sən, Arazım!

Iki sahilini qoyduq çəkiyə,
Yadlar sahib durdu yağlı tikəyə,
Suyunla bölündü Vətən ikiyə,
Tən, Arazım.

İllərlə Vətənim gəldi nəhs gözə.
Nə deyim taleyə, baxmadı sözə,
Güney can üstədir, "can” deyir bizə,
Can, Arazım!

Ayrıldı ellilər öz torpağından,
Qan axır qəlblərin yurd çapığından,
"Araz aşığından Kür topuğundan”-
En, Arazım!

Çəkilib içindən dara yurdlarım,
Boğulur nəfəsi kor umudların,
Qaytar özümüzə itən adları,
Din, Arazım.

"Araz aşığından...” oldu çoxunun,
Keçilməz günahdan keçdi yaxının,
Qanlara boyandı rəngi axının,
Qan Arazım.

Araz duraq yerim, duracaq yerim,
Min sual altında qalacaq yerim,
Bağrımın başında od-ocaq yerim,
Yan, Arazım.

Allah yerdə qoymaz bu qədər ahı,
Gözləyirik müjdə dolu sabahı,
Keçmişin tarixdə yaşayır axı,
Dön Arazım

 
                
             GƏLİN KÖÇƏN QIZ

Xınalı əllərin əlcəkdə,
gözlərin yolda,
gəlinlik gözləyir səni gələcəkdə…
Vağzalı sədasına köklədin taleyini,
Arzuların nə kökdəydi bəs,
Gəlin köçən qız?!
Çırağın başına fırlan,
Quranın altından keç,
Bu evdən ağ duvağda çıx,
"Günün ağ olsun” – dedilər,
yolun açıq…
Vağzalı sədası altında
kim ağladı, kim?
Belini kim bağladı bəs,
Gəlin köçən qız?!
Uzun-uzadı vağzalı,
Aram-aram yollar,
Həzin-həzin yerışın…
Zaman nə ahəngdəydi bəs,
Gəlin köçən qız?!
Ağappaq gəlinliyin,
Qapqara saçların,
Qıpqırmızı bel bağın,
Bəxtin nə rəngdəydi bəs,
Gəlin köçən qız?!
 
ŞUŞADA  VURULAN  VERTOLYOT

Ürəyin yandımı, yandımı için,
Odun çıxdımı, çıxdımı ruhun,
Külün qaldımı, qaldımı yadında vurulmağın,
Şuşada vurulan vertolyot.
"Uşaq” idim onda,
qəşəng idim onda,
Yana-yana düşən sən də qəşəngdin.
Elə baxırdım,
Elə bilirdim fişəngdir,
Şuşada vurulan vertolyot.
Bilirdinmi obyektiv "Xəbərçi”
Verəcək vurulmaq xəbərini,
Xəbərin oldumu özündən?
Şuşada vurulan vertolyot.
Çıxdı ruhun plazma halında,
Uçdu uçduğun göylərə.
Ulu göylər,
Yağmurlu, sulu göylər,
Vurğun vertolyotlarin
Eşqiylə dolu göylər.
Şuşanın dağlarına,
Şuşanın dumanına,
qırmızı koftasına,
yaşıl tumanına,
Azad olmaq gümanına,
Şuşaya vurulmuşdu,
Şuşada vurulan vertolyot.
Kərəm olub düymə-düymə
açdın Şuşa sevgini,
yana-yana qaçdın göydən,
Qaça-qaça düşdün göydən
Alma misali…
Şuşada vurulan vertolyot.
Mən də o gün vuruldum
ürəyimdən…
 

ATAM

Atam
Anamdan əvvəl gəlib dünyaya,
Anamdan sonra evləndi…
Əvvəllə sonun arasındakı ömür
sıxdı onu.
Bir az həyatdan gördüyü amansızlıq,
Bir az anamsızlıq
qatıldı bu ömrün gözünə.
Qarışdı dünyası,
Qızının toyu,
Qadınının yası…
Bu köhnə sovet adamının
cibindəki kommunistliyinin
təzyiqi vurdu ürəyini.
Haqqın dalınca getdi,
baxmadı təzyiqlərə.
Bakıdan Moskvaya,
Gəncədən Leninqrada,
Sıxdı onu ora da,
bura da…
Məktublar göndərdi
düzdə qalan düzə,
Qışdan yaya uzun illər
məktublara bükülüb çıxdı.
Əynim-başım olmayanda.
ürəyi od tutub yandı.
Almadığı geyimim
Gecələri bəyaz Leninqradın
asılqanlarında təzə qaldı.
Bəyaz gecəli şəhərdən,
Gecə gözlü kəndə döndü.
Ağ-qara ömürlə birgə…
Ağac əkdi,
Düşmən çəpəri çəkdi.
Oğul-qız böyütdü,
saç ağartdı.
Əllərinin qabarıyla öpdü torpağı,
ev qurdu…
Adını tutduğu dünya,
atdı onu…
Qaldırdığı evi,
saldığı yurdu,
bölgə qarışıq satdılar…
böldülər insanları:
ölməlisi, qalmalısı…
ölməlilər qaldı,
qalmalılar öldü…
Atam anamdan əvvəl
gəlib dünyaya…
Anamdan gördü-götürdü,
Allah da anamı götürdü…
Hərdən nənəm deyir ki,
"Elə bəl heç balam yoxuymuş”.
Nənəm bilmir ki, Anam var.
Yuxusuz qaldığım gecələr
anamla doludur.
Saçlarımda açan Ağ Güllər
Anamla doludu…
Ürəyimin içi anamla doludu.
Için-için
anamı dünyaya gənirmək istəyirəm.
Qəbirlər içrə tənha məzar var,
içi anamla doludu.
Üstünü götürüb atam,
Hər gün su tökür ora,
Anam ayılmaz…
Anam bir də məni doğmaz.
 
Bürkülü şəhər

Şəhər quruyur dənizin qırağında,
gecələri quru,
küçələri quru,
daşları quru,
sakinləri quru,
başları quru gördükcə
boğazım quruyur…
«Bir az sərin su verin şəhərə!»…

Şəhər quruyur dənizin qırağında
Dəniz buxar yollayır Göyə:
«bir az yağış göndər!»
Suyu azalır dənizin,
nefti azalır, qazı azalır,
Hər şeyi ən azı azalır…

Şəhər quruyur dənizin qırağında,
hamı qaçıb dənizə girir,
qurumaq istəməyənlər hər yerdə gözə girir…
Göz yaşı qurumur neçə-neçə gözlərdə.
Şəhər quruyur şəhərlilərin içindən,
Kənddən kəndçilik gətir
özünlə gəzdirməyə.


Şəhər quruyur dənizin qırağında,
Qız Qalası quruyub qalıb,
Dəniz çəkiləndən…
Şəhərdə qızlar qarıyıb qalıb,
sevdikləri "öləndən”.
Şəhər quruyur içindən,
«İçəri keçin, İçəri Şəhərə,
daşı daş üstə qoymayan cənab əcnəbi!»
Qalxır göbələk binalar,
cız-cız, lək-lək binalar…
Şumlanır ağaclar,
Şəhər qırılır ağacların içindən,
qırılır acların içindən…

İllər ötür…
Şəhər qurulur dənizin qırağında,
ən hündür yerdən baxanda görürəm.
Kənddən bir az da gənclik gətir
bu qoca Şəhərə.
 

İki sevgi

Niyə gözündəki sevgi,
dilinə düşmədi,
gözündən düşdü, gecə gözlüm?

Ona oxşayan nəğməni
o qədər sevdin ki, nəğməsiz,
sürüşdü o nəğmənin notu,
xaric getdi…

Taxdığın üzük
barmağını yox,
ürəyini sıxdı,
Tanrı hara baxdı?

Üzündəki gülüş
şirin-şirin dağıldı,
acı-acı ağladın?
Şirinliyi havaxta saxladın?

Çiçəyi burnundaykən
duymadılar səni,
soldun, çiçəyim?

Onun yolunu gözlədin.
özünü gözləmədin,
gözləyənim?

Mesajları unutmayıb
barmaqların,
unudulanım?

Onun şəhərini,
şəhərin kimi,
səhərini səhərin kimi sevdin,
səhərim!

Sənə yazdım bu şeiri,
sənə…
Sonunda…
gözündən iki sevgi düşdü:
biri sənin,
biri... heç kimin
 
ÜÇ NÖQTƏ
 
Kişi və qadın…
Kişini qadından bağlayıcı ayırır.
 
Kişi-qadın...
Kişi ilə qadını düz xətt birləşdirir.
 İki nöqtədən yalnız bir düz xətt keçir,
Üçüncü məşuqədir.
 
Kişi atadır,
Qadın ana,
Uşaq da uşaq...
 
Bəs uşaq yoxdursa?!
Uşaq yoxdursa,
kişi kişidir, qadın qadın,
uşaq isə...
Allahın işidir!
 
 
 
KATEQORİYA: ŞERLƏR | ƏLAVƏ ETDİ: avao (23.07.2010)
BAXILDI: 1130 | RƏYLƏR: 1 | REYTİNQ: 4.2/5
BÜTÜN RƏYLƏR: 0
YALNIZ QEYDİYYATDAN KEÇMİŞ İSTİFADƏÇİLƏR RƏYİNİ BİLDİRƏ BİLƏR
[ QEYDIYYAT | GİRİŞ ]
AXTARIŞ
HAVA HAQQINDA
Weather forecast for Baku Weather forecast for Fizuly
DOST SAYTLAR
  • Saraçlılar
  • Sayt düzəlt
  • Veb ustası üçün
  • Proqramlar
  • Əyləncə Dünyası
  • Ən yaxşı saytlar
  • Kulinariya reseptləri
  • VÜSAL GECƏGÖZLÜ                                     055 757 19 89