Çoban tonqalında odda yanmağa
Qar basan cığırda batıb donmağa
Zirvədən qıy çəkib pərvazlanmağa
Vüqarlı dağlara qaytarın məni
Moruq dərim çiyələyi dişliyim
Quzu kəsim basdırmanı şişdiyim
Yayın ortasında gücnən içdiyim
O buz bulaqlara qaytarın məni
Qənbərin bir səhər kəsdirib yolun
Bir şad xəbər verin muşduluq alın
Razıyam boynuma lap kəndir salın
Təki vətənimə qaytarın məni
Fuzuli
Fizuli şerindən nur alıb hər kəs
Hər qarışda açır gül Fuzulidə
Qocasın cavanın demirım hələ
Segahnan açılır gün Fuzulidə
Şeirə,sənətə böyük bir həvəs
Muğam oxunanda danışmır bir kəs
Hanı muğamatda Seyidə əvəz
Seyiddən dərsini al Fuzulidə
Yanıqlı oxuyardı ustad Ağabala
Gör nələr deyərdi sirli qavala
O yerə getdinsə keçmə Zabula
Yerini,yurdunu bil Fuzulidə
O, sanki bəzəkdi böyük vətənə
Bənövşə naz edir tər yasəmənə
Dədəm dönə-dönə demişdi mənə
A,Qəmbər ölsən də öl Fuzulidə
Qarabağ
Bir yanı Ərgünəş bir yanı kəpəz
Arazda toxtuyar kürdən əl üzməz
Behişdə o yurdun yerini verməz
Cənnətə bərabər eldi Qarabağ
Qidalanıb Üzeyir bəstəsindən
Seyidin, Cabbarın, Xanın səsindən
Tarın do kökündən şah pərdəsindən
Düz yarım oktava zildi Qarabağ
Sızıldayır sağalmayan yarası
Viranə olubdur yurdu yuvası
Qan ağlayır dağı daşı qayası
Didərgindi düz on ildi Qarabağ
Şahmalı cüssəıi Səxavət baxtlı
Ağabala, Mütəllim, Əhməd soraqlı
A Qənbər o yurdun qiyməti yoxdur
Gövhərdi incidi ləldi Qarabağ
Qarabağdadır
Ətirli bənövşənin bülbüllü bağın
Sevgiyə gəl deyən bullur buxağın
O nazlı işvəli almayanağın
Əzəldən məkanı Qarabağdadır
Buludlar elə bil dayanıb göyə
Görən heyran olub bu gözəlliyə
Döşündən Üzeyir süd əmib deyə
Nəğmələr diyarı Qarabağdadır
Cabbarın, Seyidin qocaman Xanın
Məclislər bəzəyi segah İslamın
Zabulun atası Ağabalanın
Əzəldən məkanı Qarabağdadır
Qədirin, İslamın səsi gələndə
Mahmudun gitarası coşur əlində
O, Dədə Süleyman deyib güləndə
Deyirsən canı Qarabağdadır
Nizami demişdi gözəldi Bərdə
Ürkək yaşılbaşlar olur o yerdə
Siz məni salsanız gündə yüz dərdə
Yenədə dərmanı Qarabağdadır
Demişəm hər yanda deyirəm yenə
Canımdan əzizdi o torpaq mənə
Dərdim yox düşsəmdə mən ağlar günə
Onunda dərmanı Qarabağdadır
Tamarzı
Döz ay qardaş sənli mənli qalmışıq
Obaya tamarzı elə tamarzı
Qartalın qıyına, kəklik səsinə
Dağları uçuran selə tamarzı
Girov düşüb meşəm bulağım talan
Açılmır bənövşəm solubdur lalam
Uçulub hasarım sökülüb qalam
Olmuşam bir şirin dilə tamarzı
Fələyin işinə qalmışam çaş-baş
Qurunun yerinə tüstülənir yaş
Haraya gəl insaf elə a qardaş
Qoymagınan Qənbər ölə tamarzı
Vətən
Bir ovuc suyuna qıymaram vətən
İstəmərəm yad çeşmədən su içəm
Kim deyir məhəbbət ölənəcəndi
Öləndədə səndən doymaram Vətən
Sevdim sevilməyən acı tüstünü
Qışda soyuğunu yayda istini
Özümə saxlayıb qəmin qəsdini
Sevinci səninlə bölərəm Vətən
Durmuşam səninlə nəfəs-nəfəsə
Hazıram ürəyim qəlbim nə desə
Yolunda ölməyə oğul gərəksə
Başına diz qoyub ölərəm Vətən
Qoymayın
Sərvəti ilə bu dünyaya səs salan
Şöhrəti ilə zirvələrə ucalan
Koroğlunun nərəsindən güc alan
Bu gün çadırlarda qalır Qoymayın
Qana bələnibdi dağların qarı
Əyilib Murovun o şah Vüqarı
Sadıqcan zülmünən düzəldən tarı
Düşmən mənim deyir çalır Qoymayın
Qədirə yetirin siz bu sorağı
Dağılıbdı Şahmalının vüqarı
Səxavətin, Ağabalanın məzarı
Düşmən tapdağında qalır Qoymayın
Qənbərəm çiynimdə qəmin şələsi
Mərdlərin olubdu namərd köləsi
Qan ağlayır qarabağ şikəstəsi
O xarı bülbülüm solur Qoymayın
Muğamat
Xalqıma məxsus olan şərafətli taxtı muğamat
Musiqi dünyasına hökm eləyən şahdı muğamat
Neçə nadan neçə soysuz qətlinə fərman verdi
Dövrün fırtınasından üzü ağ çıxdı muğamat
Bəşər övladına baş əyməyən fatehləri belə
Göz yaşı tökdürərək ram elədi yıxdı muğamat
Bakıda Mahuru dinlə Şirvanda Şur ilə Şahnaz
Qarabağlı oxusa ləhsəli Segahdı muğamat
Qənbəra varlığınla cəngü dəfi tara vuruldun
O, səbəbdəndi istərsən ola hər vaxtı muğamat
MƏNİM
Hər bir yanı gül çiçəyə bələnmiş
Toy düyünü ağır elim var mənim
Sağı Dövlətkarlı solu Fuzulim
Köndələn tək büllur gölüm var mənim
O sarı qayadan yeddi təpədən
Ya ilanlı dağdan şah tərəfdən
Dost üçün dərməyə qaraköpəkdən
Mənsiz açıb solan gülüm var mənim
Ərgünəşə söykənibdi vətənim
Məngələn atadır imanim dinim
Karxana Qaradağ yeddi gədiyim
Mənsiz açıb solan gülüm var mənim
A Qənbər xəyalın uçubdu yenə
O cənnət diyarı düşüb meylinə
Azığ ki bir sirrdir dünya üzünə
Fuzuli adinda ulum var menim